NSK

NSK – nın təşkilatçılığı ilə Naxçıvanda iclas keçirilmişdir

Naxçıvan Sahİbkarlar Konfederasİyası

Pandemiyanın Naxçıvanda özəl sektora təsiri və bununla bağlı təklif, müzakirələr” adlı tədbir Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası tərəfindən keçirilib.

Naxçıvan Biznes Mərkəzində sahibkarların iştirakı ilə baş tutan tədbirdə Konfederasiyanın sədri Vüqar Abbasov bildirib ki, bazar rəqabətində sahibkarlara dəstək verilməsi, işgüzar fəallığın artırılması məqsədilə vahid konfederasiya ətrafında onların könüllü ittifaqının yaradılması qarşıya qoyulan əsas məqsəddir.

2020-ci ildə yeni fəaliyyətə başlayan obyektlərdən də danışan Vüqar Abbasov bildirib ki, cari ildə sahibkarlıq subyektləri tərəfindən dövlət dəstəyi və özəl investisiya hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələrində 63 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb. Bu sahədə görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələri əhalinin istehlak tələbatını ödəməklə yanaşı, ixrac potensialının da genişlənməsinə səbəb olub.   

Konfederasiyanın sədri deyib ki, mövcud şəraitdə iş adamlarını maraqlandıran əsas məsələlərdən biri bazar fürsətlərinin öyrənilib qiymətləndirilməsidir ki, buna da konfederasiya tərəfindən bir sıra köməkliklər göstərilir. Pandemiya dövründə də sahibkarların hüquqlarını qoruyan, dövlət orqanları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən konfederasiya yaradılan şəraitdən maksimum istifadə olunmasına köməklik edir.

Məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Xudakərim Məmmədov nazirlik tərəfindən sahibkarlığa göstərilən dəstəkdən, Dövlət Gömrük Komitəsinin bölmə rəisi Turqut Abbasov isə gömrük rüsumlarının ödənilməsində sahibkarlara göstərilən köməkliklər barədə məlumat veriblər. Sonra pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər barədə sahibkarların fikirləri dinlənilib və qarşılıqlı müzakirələr aparılıb.