Naxçıvanda 27 fevral 2021-ci il tarixdə sahibkarlarla işgüzar tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov tədbirdə iştirak edərək bildirmişdir ki, 2006-cı ildən fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası sahibkarların uğurlu biznes fəaliyyətinə öz dəstəyini göstərir. Konfederasiya hazırda 33 üzvü özündə birləşdirir. Bu sahibkarlar arasında sənaye və ərzaq məhsulları, mebel və tikinti materialları istehsalı, tibb və ticarət xidmətləri üzrə geniş profildə fəaliyyət göstərən iş adamları vardır. Sahibkarlarımızın təşkil etdiyi ailə təsərrüfatları, arıçılar, quşçular və istixanaçılar birlikləri də, öz növbəsində, konfederasiya ilə sıx əlaqədədirlər.
Ötən il bank və digər kredit təşkilatları tərəfindən yeni istehsal sahələrinin yaradılması və ya genişləndirilməsi məqsədilə 16 milyon 860 min, fərdi sahibkarlığın inkişafı məqsədilə isə 20 milyon 816 min manat kredit verilmiş, 37 hüquqi, 2 min 404 fiziki şəxs qeydiyyata alınmışdır. Artıq muxtar respublikada yaradılan istehsal müəssisələri daxili bazarı təmin etməklə yanaşı, xarici bazarlara məhsul ixrac etmək potensialına da malikdir. Ali Məclis Sədrinin tapşırığına əsasən 2020-ci ildə muxtar respublikada pandemiyanın sahibkarlığa mənfi təsirini azaltmaq məqsədilə sahibkarlar üçün dəstək mexanizmləri işə salınmış və iqtisadi fəaliyyət sahələrinə müvafiq maliyyə yardımları göstərilmişdir.